|
FaktXəbərin verdiyi məlumata görə, Masonlar, Avropa Birliyi (AB) təşkilatlarında dinin artan nüfuzuna qarşı mübarizə aparmaq üçün Brüsseldə büro açmaq istəyir. Avropada kilsə və dini təşkilatların "dünyəvi zəmini" erroziyaya uğratdığına inanan masonlar, xüsusilə AB təşkilatlarının dünyəvilik mövzusundakı həssaslığının dərinləşməsini tələb edir.
Belçikanın "Le Soir" qəzetinin xəbərinə görə, Fransız Böyük Şərq Lojasının keçmiş başçısı Jean-Michel Quillardet, AB təşkilatlarında dinin artan təsirindən narahat olduqlarını elan edərək, masonların bir qisiminin Brüsseldə büro açaraq dünyəvilik tərəfdarı və din əleyhdarı lobbi yaratmaq mövzusunda iddialı olduqlarını söyləyib.
1 dekabrda qüvvəyə minən Lissabon Andlaşması, kilsə və inanc qruplarını "ortaq" olaraq xarakterizə edərkən, bu strukturlarla "nizamlı, şəffaf və açıq" bir dialoq nəzərdə tutur. Lissabon Andlaşması, ateistləri də ortaq olaraq xarakterizə edir.
Mətbuata açıqlama verən Quillardet, bütün masonların özləri kimi düşünmədiyini vurğulayaraq, Brüsseldə büro açmaları halında, iki sahədə mübarizə aparacaqlarını bildirib. Masonlar, əvvəlcə AB təşkilatlarında dinin artan təsirinə qarşı şüurlandırma fəaliyyətləri apararkən, digər tərəfdən Anqlo-Sakson mədəniyyətinin "çox mədəni" anlayışı ilə olduqca zəif gördükləri "sekülarizm" anlayışına qarşı döyüşə başlayacaqlar.
Bir gün bütün mason dərnəklərini bir yerə yığaraq Brüsseldə nümayəndəlik açacaqları mövzusunda ümidli olduğunu söyləyən Quillardet, 2008-ci ildə AB Komissiyası başçısı Jose Manual Barroso ilə ilk dəfə görüşdüklərini qeyd edib. Mason lojalarının AB Komissiyası tərkibində fəaliyyət göstərən Avropa Siyasət Məsləhətçiləri Bürosunda artıq təmsil edildiyini vurğulayan fransız mason, təbliğin Avropada daha çox aparılmasına ehtiyac olduğunu vurğulayıb.
Avropalı masonlar, AB-nin üç təməl təşkilatı olan AB Komissiyası, AB Şurası və Avropa Parlamenti başçılarının Xristian Demokrat olmasından da şikayətçidirlər. Masonlar, Komissiya başçısı Jose Manual Barroso, AB-nin ilk başçısı Herman Van Rompuy və Avropa Parlamenti başçısı Jerzy Buzekin "dindar" siyasətçilər olmasından narahatlıq keçirdiklərini gizləmirlər. Qeyd edək ki, avropalı masonlar son dəfə 2009-cu ildə Türkiyədə toplaşmışdılar.
Avropa qitəsinin ən köhnə və ən böyük mason lojası olan Böyük Şərq, Türkiyədə universitetlərdə hicab qadağasının ləğvi ilə bağlı irəliləyişlərdən narahat olmuşdular. Parisdəki Avropalı Jurnalistlər Dərnəyində 2008-ci ilin fevralında çıxış edən Jean-Michel Quillardet, hicabın universitetlərdə sərbəst istifadəsinə dair "geriyə gediş" ifadəsini işlədərək, o dövrdə hicab mövzusunda Türkiyə Böyük Millət Məclisindən keçən tənzimləmənin "Türk dünyəviliyinin yenidən müəyyənləşdirilməsi yolunda açılan təhlükəli bir çat" olduğunu bildirmişdi. Mövzuya dini baxımdan da şərh verən Quillardet, hicabın İslama aid olmadığını, Quranda bu barədə heç bir şey olmadığını və sonradan ortaya atıldığını iddia etmişdi.
Görünür, bu "böyük" masonun dünyəvi işlərə, əxlaqsızlığın təbliğinə başı o qədər qarışıb ki, Qurani-Kərimin "Nur" surəsinin 31-ci ayəsində göstərilən "Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini (ondan) çevirsinlər və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. (Ayağına xalxal taxmış qadınlar) gizlətdikləri zinətlərin bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar. Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız" - kəlamından xəbərsizdir.
|