Mayis Güləliyev: "ABŞ Dalay Lama oyunu və milli azlıqlar problemi ilə həm Çini nəzarətdə saxlamaq, həm də Çin-İran münasibətlərini korlamaq istəyir"
19-02-2010
Xəbər verildiyi kimi bir neçə gün əvvəl ABŞ prezidenti Barak Obama Ağ Evdə Tibetin ruhani lideri Dalay Lama ilə görüşüb. Bu görüşü kəskin tənqid edən Çin hökuməti Vaşinqtonu müvafiq addımlar atmağa çağırıb. Çinin xarici işlər nazirinin verdiyi açıqlamada, Obama ilə Dalay Lamanın Ağ evdə keçirdiyi görüşün Çinin bir hissəsi olan Tibetin müstəqilliyinə dəstək mənasına gəldiyini deyib.
Yeri gəlmişkən qeyd edək ki, D.Lamanı, Tibeti Çindən ayırmaq istəməkdə ittiham edən Çin rəsmiləri Pekinlə Vaşinqton münasibətlərinə ziyam vuracağını irəli sürərək ABŞ-ı bu görüşü ləğv etməyə çağırmışdı.
Obama-D.Lama görüşünü şərh edən Yaşıllar Partiyasının sədri Mayis Güləliyev FaktXəbərə açıqlamasında bildirdi: “Bu, parçala və hökm sür siyasətinin tərkib hissəsidir. Milli azlıqların hüquqlarının müdafiəsi adı ilə ABŞ və digər Qərb ölkələri yerli hakimiyyətlərə təziq göstərmək üçün bu vasitədən istifadə edir. Həqiqətən tibetlilərin hüquqlarını Amerika müdafiə edirsə, Böyük Britaniyadan tələb etsin ki, bir neçə əsr əvvəl ingilis əsgərləri günahsız tibetliləri kütləvi şəkildə qətlə yetirib, onlardan üzr istəsin. Onların ərazilərini zəbt etmək üçün qarşılarına çıxanı öldürüblər. ABŞ və İngiltərənin məqsədi tibetlilərə yardım deyil, Çin hökumətinə təsir etməkdir”.
Mayis Güləliyev əlavə etdi ki, indiki vəziyyətdə Amerika Çinin inkişafını həzm edə bilmir: “Çünki, bu gün Çin kifayət qədər ciddi inkişaf mərhələsi keçir. Yaxın gələcəkdə ümum daxili məhsula və sənaye potensiyalına görə də dünyanın aparıcı ölkələrindən olacağı artıq proqnozlaşdırılır”.
Bu gün Çin yeganə ölkədir ki, açıq şəkildə İranı müdafiə edir və onunla iqtisadi əlaqələrini genişləndirməyə çalışır. Belə halda aydın məsələdir ki, Çin hökumətinə təziq göstərmək üçün ABŞ onun zəif nöqtəsindən istifadə etməyə çalışır. Amerika düşünür ki, Tibet məsələsi Çinin ən zəif nöqtəsidir – deyə M.Güləliyev vurğuladı: “Tibetliləri və dünya ictimaiyyətini Çinə qarşı qaldırmaq üçün onların özünü təyin kimi məsələlərini gündəmə gətirir. Əsas məqsəd İranı təkləmək və Çinlə İran arasında isti münbasibətləri korlamaqdır. ABŞ Çinə təziq etməklə İrana qarşı sanksiyaları həyata keçirtmək istəyir. Bundan əlavə ikinci səbəb gələcəkdə Çinin böyük və aparıcı ölkə olmasına maneə olmaqdır. Çünki bu gün Rusiya və Çin dünyada aparıcı ölkələrdəndirlər”.
M.Güləliyev Amerikanın xarici siyasətindən söz açdı: “Bu ölkələri müəyyən vasitələrlə xırda hissələrə parçalamaq ABŞ-ın xarici siyasətinin mahiyyətidir. Rusiya hesab etməsin ki, Amerikadan dost jestləri almaqla həmişə belə münasibətdə olacaqlar. ABŞ İrana qarşı ciddi sanksiyalar tətbiq edib onu zəiflətməyə nail olarsa, növbədə Çin və Rusiya olacaq”.
Müsahibimiz eyni zamanda diqqəti İranın müstəqilliyinə də yönəltdi: “Dünyanın ən müstəqil ölkəsi İrandır. Özünün daxili və xarici siyasətini müstəqil olaraq yeridir və milli maraqlarını qorumaq yolunda ciddi addımlar atır. Bu da Qərb ölkələrinin xoşuna gəlmir və Yaxın Şərqin sərvətlərini mənimsəmək üçün İranı zəiflətməyə çalışır. Neçə illər idi ki, Rusiya və Çin sanksiyaların əleyhinə çıxış edirdilər. Lakin Rusiyanın İrana dayaq duracağına inanmaq çox çətindir. ABŞ-ın D.Lama oyununun məqsədi də Çinə təziq göstərməklə yaxın gələcəkdə Çin İran münasibətlərində Çini Amerikanı müdafiə etməyə sövq etdirməkdir. Eyni zamanda Çin hökumətini nəzarətdə saxlamaq üçün milli azlıqlar problemini həssas amil kimi əlinin altında saxlayır”.