Dövlət ittihamçısının 12 il iş istədiyi "Lotu Süleyman" ləqəbli kriminal avtoritet məhkəmə zalından azadlığa buraxılıb
18-02-2010
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Lotu Süleyman” ləqəbi ilə tanınan kriminal avtoritet Süleyman Şirinovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə S. Şirinov barəsində irəli sürülən ittiham sübuta yetirilmədiyindən onunla bağlı bəraət hökmü çıxarılıb və məhkəmə zalından sərbəst buraxılıb. Qeyd edək ki, prokuror təqsirləndirilənin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, S. Şirinov 1997-ci il noyabrın 19-da adam oğurluğu ilə məşğul olan Abuzər Abuzərova öldürmək məqsədilə atəş açıb və onu yaralayıb. Təqsirləndirilən 11 il istintaqdan yayınıb, lakin 2008-ci ildə həbs edilib.
Təqsirləndirilən şəxs 2000-ci ilə kimi qüvvədə olan Cinayət Məcəlləsinin 94,1.6-cı (ölümə sui-qəsd) maddəsi ilə ittiham olunub. S. Şirinov 1995-1996-cı illərdə mütəşəkkil qrup halında respublikada ayrı-ayrı vətəndaşlara basqın edərək, onları girov götürüblər və küllü miqdarda pul alıblar. O, adam oğurluğu cinayətləri törətməkdə ittiham olunaraq müxtəlif müddətlərə cəza alan Abuzər Abuzərovun rəhbərlik etdiyi dəstəsinin üzvü olub.