Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrində siqaret epidemiyasının yayılması haqqında hesabat yayıb. Məlumatda bildirilir ki, siqaret çəkmək 2100-cü ilə qədər milyarddan çox insanın həyatına son qoyacaq. ÜST-ün məlumatına əsasən, tütün məmulatları dünyanın 179 ölkəsində satılır. Hökumətlər ölkələrinə gətirilən tütün məmulatlarına qoyulan gömrük vergilərindən ildə 200 milyard dollar əldə edirlər. Təşkilatın "Qlobal tütün epidemiyası 2008" adlı hesabatı gənclər arasında siqaret çəkilməsinin qarşısının alınması, həmçinin, siqareti tərgitməyi qərara almış şəxslərə yardım göstərmək məqsədi daşıyır. Hazırda dünyada 1,1 milyardan çox insan siqaret çəkir. Hər il dünyada 4 milyondan çox insan nikotinin təsirindən dünyasını dəyişir.Daha dəqiq desək, siqaret çəkmək hər 10 saniyədə bir insanı öldürür. Məhz buna görə siqaret tüstüsünü ölüm tilovuna xoşbəxtlik verən yemə bənzədirlər.
Siqareti ən çox yunanlar çəkirmiş
Hər il siqaret tüstüsündən həlak olan 4 milyonun təxminən 0.5 milyonunu çinlilər, 10.000 nəfərini isə isveçililər təşkil edir. İlk beşliyə Monqolustandan başqa Çin (66,9 faiz), Keniya (66.8 faiz), Kamboca (66 faiz), Hamibiya (65 faiz) daxildir. Ermənistan siqaret çəkən vətəndaşların ölkə əhalisinə nisbətinə görə dünyada 6-cı yeri tutur. Bu ölkədə hər üç nəfərdən biri siqaret çəkir. Keçmiş SSRİ respublikalarından Qazaxıstan və Qırğızıstan (60 faiz) 13-14-cü yerləri bölüşür. Belarus 23 (54,9faiz), Ukrayna və Litva (51,1 faiz) 30-31ci, Latviya və Özbəkistan (49 faiz) 35-37-ci, Estoniya 47-ci (44 faiz), Türkmənistan isə 95-ci yerdədir. Azərbaycan isə bu sıralamada 85-cidir.
Səhiyyə Nazirliyinin məlumatına görə, ölkəmizdə kişilərin 50 faizi, qadınların isə 10 faizi bu zərərli vərdişə aludə olub. Son illər yeniyetmələr arasında da siqaretə meyl artıb. Təxmini hesablamalara görə, bu gün ölkəmizdə 3 milyon 200 mindən çox adam siqaret çəkir. Gün ərzində ən çox siqaret çəkən Yunanıstan vətəndaşlarıdır. Onlar hər gün orta hesabla 8,6 siqaret çəkir. Bu hesaba görə isə Bolqarıstanda hər gün 7,7, Yaponiya 6,8, Bosniyada 6,4 və Sloveniyada isə 6,2 siqaret çəkirlər. Türkiyədə hər il siqaret çəkməkdən yaranan xəstəliklər nəticəsində 160 min adam ölür. Türklərin 40 faizi 15 yaşından başlayaraq siqaret çəkirlər. Gündə 17 milyon siqaret qutusu istifadə olunur. Gündəlik siqaret çəkən insan isə öz ömründən nə az, nə çox düz səkkiz il kəsir.
İnsan siqaret çəkmir, siqaret insanı çəkir
İnsandan fərqli olaraq, digər canlılılar nikotinə qarşı daha davamsızdırlar. Özü zəhər tuluğu olan ilan nikotinin iyini duyanda diksinir, bu maddənin bircə qramı isə ölümünə səbəb olur. Amma çox qəribədi ki, insanlar tütündən imtina etməyə çalışmır. Tütündən ilk dəfə bizim eranın 5-ci əsrində istifadə olunmağa başlayıb. Rusiyada isə 17-ci əsrin əvvəlində peyda olub. Hələ o zaman tütünün ziyanını anlayan çar sərəncam verərək bu zəhər tuluğundan istifadəyə qadağa qoyub. Tütün çəkənlər təqib olunub, qamçılanıblar. Adətindən əl çəkməyənlər sürgünə göndərilib. Tütün satışı ilə məşğul olanların isə burnu kəsilər, ucqar yerlərə sürgün olardılar. Yalnız 1-ci Pyotrun zamanında tütün satışına qoyulan qadağa aradan götürülüb.
Tütün tüstüsündə 4000-dən artıq kimyəvi maddə var. Bu maddələrin 40-dan çoxu insanda xərçəng yaradır. Ümumilikdə həmin maddələrin 300-dən artığı zəhərli hesab olunur. Xüsusilə tütünün tərkibində olan formaldehyd və hydrazin daha ziyanlıdır. Tütün tüstüsündə olan başqa zərərli maddələrdən ammoniakı, kolmonoxidi və başqalarının adlarını çəkmək olar. Amma bunların içərisində ən təhlükəlisi nikotindir. Hətta ondan həşaratların məhvi üçün istifadə olunur.
Ana siqaret çəkirsə, bala ondan qabaq çəkib
Alimlərin araşdırmalarına görə, hamilə qadın gündə 20 ədəd siqaret çəkirsə, deməli, onun bətnindəki uşaq gün ərzində 38-ni çəkir. O, siqareti çəkəndən yalnız 6-7 saat sonra qanı kolmonoxiddən təmizlənir. Ancaq həmin vaxt uşağın qanında olan bu maddənin yarısı hələ qanda cərayan edir. Bir faktı da qeyd edək ki, siqaret çəkən ananın dünyaya gətirdiyi uşaq başqa uşaqlardan 200 qram yüngül olur. Tütün tüstüsü nəticəsində uşağın beynində, ürək və digər orqanlarında da problemlər yaradır. Əksər vaxtlarda isə uşaq şikəst doğulur. Oksigen çatışmazlığı belə uşaqlarda əqli cəhətdən zəiflik də yaradır. Onu da deyək ki, siqaret yalnız səhhətimizə deyil, eyni zamanda büdcəmizə də ziyandır. Orta hesabla gün ərzində 1 qutu siqaretə 60 qəpik xərclənirsə, bu ay ərzində 18 manat edir.
Məlumat üçün deyək ki, Banqladeşdə 10,5 milyon uşaq ərzaq qıtlığından əziyyət çəkir. Halbuki onların valideyinləri siqaret çəkməsə və həmin pulu ailələrinə xərcləsə, bu problem aradan qalxar. Hesablamalara görə tütün əkilən sahələrə taxıl səpilsə, 10-12 milyon insan ərzaqla təmin oluna bilər. Bütün dünya bilir ki, tütün çəkmək ölümlə nəticələnən bir çox ağır xəstəlilklərə səbəb olur. Sözsüz ki, inkişaf etmiş ölkələrdə siqaretin insan oraqnizminə ciddi ziyan vurduğunu dərk ediblər və hazırda siqaret çəkənlərin 60 faizi bu ziyanlı vərdişi tərgitmək istəyirlər.