Orada çalışan sahibkarlar nəqliyyat nazirinə məxsus olduğu deyilən "Hövsan" ticarət mərkəzinə köçürülür
18-02-2010
Paytaxtın Bakıxanov qəsəbəsindəki eyniadlı yarmarka (ona “Razin bazarı” da deyirlər) bağlanmaq təhlükəsi qarşısında qalıb. Məlumata görə, artıq bazardakı sahibkarların 60 faizi icarəyə götürdüyü mağaza və piştaxtaları təhvil verib. Hazırda bazarda tək-tək ticarət cərgələrində piştaxtalar fəaliyyət göstərir ki, onları işlədən şəxslər də gətirdiyi malları sata bilmədikləri üçün bazarda qalıblar. Sahibkarlar deyir ki, bazarın bağlanacağı xəbəri yayılandan sonra ticarət mərkəzinə gələn alıcılar həddən artıq azalıb.
Onların sözlərinə görə, bazarın fəaliyyəti fevralın sonuna qədər dayandırılmalı və o, başqa yerə köçürülməlidir. Elə buna görə də bazarda çalışan sahibkarlar yeni inşa edilən ticarət mərkəzinə köçür. Artıq əksər sahibkar bazarı tərk edərək yeni tikilən “Hövsan” ticarət mərkəzində mağazalar kirayələyib.
Qeyd edək ki, “Hövsan” ticarət mərkəzinin nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu bildirilir. Onu da bildirək ki, Z.Məmmədov təzə avtovağzaldakı ticarət mərkəzinin fəaliyyətini gücləndirmək və müştəri toplamaq üçün artıq bir neçə köhnə bazara qarmaq atıb. Bakıxanov bazarının bağlanmasına səbəb kimi bu ticarət mərkəzinin ərazidə tıxac yaratdığı bildirilir. Məlumatlara görə, bazarın rəhbəri Hacı Fərhad Mirzəyə xəbərdarlıq da edilib. Hacı Fərhad isə heç kəsdən qorxmadığını və bazarı boşaltmayacağını deyib.
Məlumat üçün qeyd edək ki, Hacı Fərhad siyasi cəhətdən də fəal insandır. Din adamı olan Hacı Fərhad 2000-ci ildə deputatlığa namizədliyini də irəli sürmüşdü. Lakin həmin dairədən o deyil, şair Zəlimxan Yaqub deputat seçilmişdi. Bakıxanov qəsəbəsində villaları qonşu olan bu iki şəxsin münasibətlərinin indi də yaxşı olmadığı deyilir.
Hacı Fərhad bir neçə gün öncə “Həyat yolu” restoranında böyük təmtəraqla təqdimat mərasimi keçirilən “Kəlamlar” adlı kitabında millət vəkillərini “özlərini beş il sığorta edənlər” adlandırıb. Maraqlıdır ki, o qədər də ciddi məzmuna malik olmayan bu kitaba Maqsud Hacıyev, Tofiq Bakıxanov, Əli Abbasov kimi tanınmış elm, sənət xadimləri müsbət rəy veriblər. Mənbə bu kitabın və təqdimat mərasimində müəllifə verilən mükafatların (bazar müdirinin səxavəti türkiyəli arkadaşlarımızı qondarma adlandırılan “Atatürk mükafatı” verməyə də sövq edib - müəl.) pullu sifarişlə araya-ərsəyə gətirildiyini bildirir. Amma hacının kitabında maraqlı bir kəlam da var: “Çoban nazir olmaq istəyirsə, çuxasını gözünün önündən assın”.
Bazar müdirinin bu kəlamı yaradarkən Ziya Məmmədovu nəzərdə tutub-tutmadığını deyə bilmərik. Hər halda, Azərbaycanda kifayət qədər çoban nazir var./Nəsimi/Yeni Müsavat