"İsrailin xarici işlər naziri Azərbaycanı təhqir etdi"
Tahir Kərimli: "İslam dünyasına qarşı birmənalı olaraq yəhudi və xristian birləşməsi var"
16-02-2010
Xəbər verildiyi kimi, İsrailin sabiq baş nazir Ehud Olmert Azərbaycana gəlib. Xəbərdə bildirilir ki, Ehud Olmertin həmçinin Qazaxıstana da qısamüddətli səfəri planlaşdırılır. Bu gün Qazaxıstanda səfərdə olacaq Ehud Olmertin bu ölkənin baş naziri Kərim Məsimovla da görüşü nəzərdə tutulur. Sabiq baş nazir Bakıda da rəsmi şəxslərlə görüşlər keçirib. Yeri gəlmişkən, fevralın 9-u İsrailin xarici işlər naziri Aviqdor Liberman ölkəmizə səfər etmişdi. Müsəlmanların qanı bahasına yaradılmış bir rejimin rəhbərlərinin Azərbaycana mütəmadi səfərləri bizə heç də başucalığı gətirə bilməz. Belə ki, bu səfərlər birmənalı qarşılanmır. Ehud Olmertin Bakıya gəlişini normal hal hesab etməyən Vəhdət Partiyasının sədri Tahir Kərimli FaktXəbərə bildirdi ki, İsrail dövlətinin əvvəllər də Azərbaycana diqqəti olub. Bu onunla bağlıdır ki, SSRİ dağılandan sonra yəhudilər yeni yaradılmış dövlətlər üzərində nəzarətlərini gücləndiriblər: “Yəhudi xalqı azsaylı olmalarına baxmayaraq, dünyada kifayət qədər təsir imkanlarına malikdirlər. Təkcə onu demək kifayətdir ki, Amerikada yeddi milyonluq yəhudi icması yerli əhali hesab olunur. Təsadüfi deyil ki, Azərbaycan dövlətini həmişə nəzarətdə saxlamaq istəyiblər. İranla eyni mədəniyyət, tarix və adət-ənənənin daşıyıcısı olan Azərbaycana diqqət həmişə yüksək səviyyədə olub. Bu diqqətin son dövrlər aktivləşməsinin ən böyük səbəbi İsrail-Türkiyə münasibətlərinin korlanmasıdır. Azərbaycan tərəfi İsrailin texniki inkişafından və dünyada nüfuz sahibi olan yəhudi lobbisindən istifadə etmək marağındadır. Amma deməliyik ki, ötən müddətdə yəhudi lobbisi Amerikada 907-ci düzəlişin aradan qaldırılması ilə bağlı heç bir iş görməyib”.
Aviqdor Libermanın Azərbaycanda səfəri zamanı “İsraillə ərəb ölkələri arasında Azərbaycanın vasitəçi olması” təklifinə münasibət bildirən müsahibimiz vurğuladı: “Fələstin muxtariyyətinin rəhbəri Azərbaycana səfər edəcək. Bu mənada İsrailin xarici işlər naziri Azərbaycanın vasitəçi olmasını təklif etməklə bizi təhqir etdi. Guya ki, İsrail üç yüz milyonluq ərəb xalqı ilə öz münasibətlərinin normallaşmasında Azərbaycandan kömək istəyir. Əslində Azərbaycanın dünya ölkələri içində xüsusi çəkisi yoxdur ki, ərəb ölkələrinə təsir etsin. Burada təhqirin başqa bir forması da var. Adətən Qarabağ münaqişəsini Fələstin probleminə oxşadırlar. İsrail rolunu oynayan Ermənistana bu təkliflə bəraət verirlər. İsarilə yaxşılıq edən Azərbaycan, Ermənistana yaxşılıq kimi başa düşülür”.
Çox zaman həqiqəti deməyə ehtiyat edirik. Yəhudilər sayca az olduqları üçün İslam dünyasına qarşı xristianlardan sitifadə edirlər. Buna görə də, böyük xristian dövlətləri Azərbaycanın ərazi bütövlüyü tanımırlar - deyə bildirən T.Kərimli qeyd etdi: “Hətta gördüyümüz kimi BMT-də Minsk Qrupu və İsrail Azərbaycanın lehinə səs vermirlər. Dünyaya ağalıq edənlər xristian Ermənistanının müsəlman torpağının işğalına nəinki dözürlər, hətta şirnikləndirirlər. Əgər əksinə olsaydı onlar heç vaxt dözməzdilər. İslam dünyasına qarşı birmənalı olaraq yəhudi və xristian birləşməsi var”.
“Belə səfərlər Türkiyə-Azərbaycan münasibətlərini korlamırmı” - sualına cavab olaraq, T.Kərimli bildirdi: “Türkiyə ilə Azərbaycanın münasibətləri o qədər dərin və səmimidir ki, inanmıram belə taktiki məsələlər strateji əlaqələrimizə təsir edə bilsin. Hesab edirəm ki, Azərbaycan-İsrail münasibətləri ilə bağlı Türkiyə kifayət qədər məlumatlandırılır. Eyni zamanda Azərbaycan xalqı və dövləti Türkiyənin əleyhinə heç bir hərəkət etməz və etməməlidir.