"Azərbaycan müəllimi" qəzeti TQDK-nın fəaliyyətini tənqid edib
13-02-2010
Azərbaycan müəllimi” qəzetinin dünənki sayında 2008-2009-cu illərdə ali məktəblərə qəbul imtahanlarının müqayisəli təhlili ilə bağlı “Ekspertlər ötənilki qəbul imtahanlarında test suallarının çətin olduğunu bildirirlər” adlı yazı dərc olunub. Yazıda bu məsələyə Bakıdakı 20 saylı məktəb-liseyin riyaziyyat müəllimi, əməkdar müəllim Sabir Məmişov münasibət bildirib. Sabir müəllim iddia edir ki, TQDK-nın builki qəbulda riyaziyyatdan təklif etdiyi çalışmalar keçənilkinə nisbətən daha ağır, hətta bəziləri olimpiada xarakterli olub. O, öz fikirlərini sübuta yetirmək üçün 2008-ci ildəki B variantı ilə 2009-cu ildəki D variantının müqayisəsini aparmağa çalışıb.
Qeyd edək ki, Təhsil Nazirliyinin tabeçiliyində çalışan bir şəxsin nazirliklə TQDK arasında yaranmış mübahisəli məsələyə ekspert qismində münasibət bildirə bilməz. Bu cür məsələlərə ancaq və ancaq müstəqil ekspertlər rəy verməlidir. Biz də bu məsələ ilə bağlı müstəqil ekspert, fizika-riyaziyyat elmləri namizədi Talıb Şərifovun münasibətini öyrəndik.
T.Şərifov bildirdi ki, həmkarının dediklərini yazının başlığına çıxarılan kimi “ekspert rəyi” yox, sadəcə münasibət kimi qəbul etmək olar: “İstənilən halda onun bu məsələyə münasibəti birtərəfli münasibət kimi qiymətləndirilə bilər. Məntiqə görə, belə ciddi məsələlərə müstəqil mütəxəssis-ekspertlər aydınlıq gətirməlidir. Burada Sabir müəllimin əsas iradı çalışmaların ağırlığınadır. Lakin o, yazısında bu iradını o qədər də əsaslandıra bilməyib. Bu yazıda qəbul imtahanlarında riyaziyyatdan təklif olunmuş 25 çalışmadan 8-nə münasibət yoxdur. Yerdə qalan 17 çalışmadan isə cəmi üçünün mətni verilib. Onlardan birinin (30-cu çalışmanın) ağırlığı haqqında söhbət gedə bilməz. Digər iki çalışma isə (26-cı və 37-ci) doğrudan da nisbətən çətindir. Bu, belə də olmalıdır. Çünki bütün çalışmalar sadə olsaydı, imtahanın mənası olmazdı. Yerdə qalan 14 çalışmanın mətni isə verilməyib, sadəcə olaraq onlar haqqında ümumi fikirlər söylənilib. Ona görə də müəllifin gəldiyi nəticə - 2009-cu ildə TQDK-nın təklif etdiyi calışmaların daha ağır olması fikri inandırıcı görünmür. Bununla onu demək istəyirəm ki, aparılan təhlil başdansovdudur və tərəfkeşlik açıq-aydın görünür”.// Musavat