Milli Məclis "Qeyri-hökumət təşkilatları haqqında" qanuna əlavə və dəyişiklik edib
12-02-2010
Milli Məclisin (MM) bugünkü iclasında bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərlə bağlı müzakirələr aparılıb. Sənəd barədə MM-in İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib. Onun sözlərinə görə, əlavə və dəyişikliklər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüququ vəziyyəti haqqında” qanuna, Mülki Məcəlləyə və “Qeyri-hökumət təşkilatları haqqında” qanuna təklif olunur. Komitə sədri bu əlavə və dəyişikliklərin Konstitusiyaya referendum nəticəsində edilmiş əlavə və dəyişikliklərdən irəli gələn məsələ olduğunu bildirib. Dəyişikliyə əsasən QHT-lər öz nizamnamələrində qeyd edirlər ki, dövlət və qeyri-dövlət özünü idarə orqanlarının səlahiyyətlərinə aid olam məsələlər, dövlət nəzarəti, sanksiyalar, yoxlamalar həyata keçirə bilməzlər. Eyni zamanda QHT-lərin adında görkəmli şəxslərin adlarından yalnız onların yaxın qohumlarının icazəsi olan halda istifadə edilə bilər.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev isə deyib ki, hazırda Azərbaycanda 2483 QHT qeydiyyatdan keçib. Onların 106-cı əcnəbilərə məxsus nümayəndəliklər və filiallardır. Şura sədri onu da deyib ki, sənədə təklif olunan əlavə və dəyişikliklər beynəlxalq hüququ zidd deyil. Müzakirələrdən sonra sənəd təsdiqlənib.