Qara çörəyə cəsədlərin uzun müddət saxlanması üçün istifadə edilən kimyəvi maddələr qatılır
12-02-2010
İnsanın gündəlik qidasını təşkil edən çörəyin tərkibi standartlara uğyun deyil. Bakıda nə qədər çörək sexi varsa, o qədər də müxtəlif dadda, fərqli keyfiyyətdə çörəklər var. Məsələn, Yasamal rayonunda bişirilən çörəyin keyfiyyəti, dadı ilə Nizami rayonunda bişirilən çörəyin göstəriciləri arasında ciddi fərqlər üzə çıxır. Problem heç də çörəyin çəkisilə bağlı deyil.
Bütün bunlar Bakı şəhərində çörəyin vahid mexanizm və standartlar əsasında hazırlanmadığını sübut edir.
Araşdırmalar göstərir ki, xüsusən qara pəhriz çörəklərinin tərkibinə müxtəlif kimyəvi maddələr qatılır. Belə ki, el arasında qara çörək deyilən pəhriz çörəyinin rəngini tündləşdirmək üçün süni kimyəvi maddələrdən istifadə olunur.
Ekspertlərin dediyinə görə, qara çörəyin tərkibi çovdar unu, ikinci növ qara un, maya, duz və ədviyyatdan ibarət olmalıdır.
Qara çörəyin tərkibində təhlükəli maddə!
Ərzaq dükanlarında daha çox "Ukrayna çörəyi", "Çovdar çörəyi", "Dietik çörək", "Borodinskiy xleb", "Cito", "Russkiy xleb" kimi çörəklər satılır. Bu qidalardan daha çox pəhriz saxlayanlar və şəkərli diabet xəstələri istifadə edir. Şəxsi maraqlarını güdən işbazlar çörəyin çəkisini ağırlaşdırmaq və maya dəyərini azaltmaq məqsədilə ona kimyəvi maddələr də qatır. Bunlardan biri də "E-240 formaldehid" maddəsidir. Bu maddə cəsədlərin uzun müddət saxlanması üçün istifadə edilir. Bəzi "işbazlar" isə bundan çörəyin tez qurumaması və ağır olması üçün yararlanırlar. Belə kimyəvi tərkibli çörəklər 1 gün qaldıqda içərisi yapışqanlı olur və pis qoxuyur. Çörəyin rəngini tündləşdirmək üçün ağ un xəmirinin tərkibinə müxtəlif boyalar (əsasən liflərdən alınmış boyalar), kakao və dəmlənmiş çay qatılır.
Vaxtı keçmiş çörəklər
Tərkibində protein olan ağ un və insan sağlamlığı üçün zərərli kimyəvi boyalar pəhriz saxlayanların səhhətini daha da ağırlaşdırır. Hətta bəzən diabetli xəstələrin həyatdan vaxtsız köçməsinə səbəb olur. Üzərində saxlama müddəti 72 saat göstərilən belə çörəklər bəzən mağazadan alınandan bir gün sonra kiflənir.
Ekspertlər də qara çörəyin tərkibinin çovdar unundan hazırlanmadığını iddia edir.
Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov bir çox ərzaq məhsulları kimi, qara çörəyin də tərkibinin standarta cavab vermədiyini bildirir. Onun sözlərinə görə, pəhriz çörəyinin tərkibi ikinci növ qara un, maya, duz və ədviyyatdan ibarət olmalıdır: "Ancaq indi qara çörək adlandırılan məhsul ağ un və müxtəlif növ kimyəvi maddələrdən hazırlanır. Bu isə insan səhhətinə olduqca zərərlidir. Qara çörəkdən əsasən, şəkər xəstəliyindən əziyyət çəkənlər və yaşlı nəslin nümayəndələri istifadə edir. Bunun da nəticəsində insanlar həyatdan tez köçür".
Bildirək ki, qara çörəyin qida kimi qəbulunda əsas məqsəd onun tərkibində B1 vitamininin çox olmasıdır. Xüsusilə, şəkərli diabet xəstələrinin B1 vitamininə təlabatı böyük olduğundan həkimlər onlara qara çörək yeməyi məsləhət görür. İkinci, üçüncü və dördüncü növ unun tərkibində B1 vitamini çox zəngin olur. Şəkərli diabet xəstələri gün ərzində adi insanlardan fərqli olaraq çoxlu B1 vitamini itirdiyinə görə, həmin vitamini pəhriz çörəyi vasitəsilə bərpa edirlər. Təəssüf ki, hətta ən bahalı marketlərdə belə satılan və yüksək keyfiyyətli hesab olunan pəhriz çörəyinin tərkibi normalara uyğun deyil.
Satılmamış çörəklər təkrar bişirilir
Qeyd olunur ki, saxta üsulla hazırlanan qara çörəklər güclü zəhərlənməyə səbəb olmasa da, uzun müddət istifadə edildikdə mədə-bağırsaq sistemində ciddi fəsadlar və pozuntular yarada bilir. Digər məlumatlara görə, satılmamış və artıq qalmış çörəklər əksər sexlərdə təkrar emal olunaraq yenidən satışa çıxarılır. /Rəna/Milli.Az