Akademik "Yeni Müsavat"ın redaktorunun həbsini tələb edirdi
11-02-2010
Fevralın 10-da Nizami rayon məhkəməsi hakim Ziya Əliyevin sədrliyi ilə “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxana və məqalə müəllifi Qoşqar Bakılıya qarşı xüsusi ittiham qaydasında iddianı icraata götürməyib.
İddia parlamentin deputatı, akademik Cəlal Əliyev tərəfindən xüsusi ittiham qaydasında verilmişdi. Sonuncu jurnalistlərin böhtana görə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirdi. Vəkil Elçin Sadıqov iddianın Cinayət Prosessual Məcəllənin müvafiq maddələrinə zidd olduğunu bildirib. Bundan başqa, o, iddiaçının nümayəndəsinin prosesdə iştirak etməsi zərurətini qeyd edib. Hakim vəkilin vəsatətini təmin edib və işi icraata qəbul etməkdən imtina edib. İddiaya “Yeni Müsavat”ın 05 yanvar 2010-cu il tarixli sayında Cəlal Əliyev barəsində dərc olunmuş material səbəb olub. Məqalədə prezidentin narazı qaldığı obyektin (“Bakı” mehmanxanası) sahibinin Cəlal Əliyev olduğu deyilirdi.
Deputat məqalədə onun şərəf və ləyaqətini ləkələyən, təhqir və böhtan xarakterli məlumatların yayıldığnı iddia edib. Cəlal Əliyev redaktor müavininin və məqalə müəllifinin CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında iş açılmasını tələb edib.// Turan