Zərdüşt Əlizadə: "Hamının gözü qarşısında İsrail Fələstin xalqına qarşı zülm edib, cinayətlər törədsə də, həmişə Amerikanın köməkliyi və ona güclü "day-day"lıq etdiyi üçün hüquqi cəhətdən ittiham olunmaqdan yaxa qurtara bilib"
10-02-2010
“İsrailin dünyada kifayət qədər tərəfdarı var. Bu baxımdan onunla normal münasibətlərin qurulması başa düşüləndir. Lakin imkan verməməliyik ki, İsrail öz mənafelərini qorumaq üçün Azərbaycandan sui-istifadə etsin” – bu sözləri politoloq Zərdüşt Əlizadə İsrail xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfəri ilə əlaqədar açıqlamasında FaktXəbərə bildirdi. Onun sözlərinə görə bu məsələ çox həssas olduğu üçün Azərbaycan dövləti daha da diqqətli olmalıdır: “İsrailin bir çox qeyri-qanuni və beynəlxalq hüquqa zidd istəkləri var. Onlar Fələstin torpaqlarını işğal edib və fələstinlilərə öz yerlərində yaşamağa imkan vermir. Regionda sülh proseslərinə ciddi maniələr yaradır. Beynəlxalq hüquqa zidd olaraq, İranı vurmaq istəyir. Bunlar Azərbaycanın xeyirinə deyil. Biz hər halda İsrailin fitvasına getməməliyik”.
İsrailin xarici işlər naziri Aviqdor Liberman Bakıdan başqa ölkələrə təhdid xarakterli bəyanatlar da səsləndirib. Lakin politoloq Z.Əlizadə bu bəyanatların başqa ölkələrlə Azərbaycan arasında mənfi münasibət yaradacağına inanmır: “Düşünmürəm ki, Libermanın bəyanatları Azərbaycan-İran münasibətlərində hər hansı mənfi təsir göstərə bilər. Lakin bu istiqamətdə konkret olaraq addım atılsa, münasibətlərə təsirsiz ötüşməyəcək. Xarici işlər nazirinin bu cür danışması təbii haldır. İranın münasibəti olan dövlətlərlə İsrailin də əlaqələri mövcuddur. Onu da bildirməliyik ki, Aviqdor Liberman sabiq sovet yəhudisidir. Sovet yəhudiləri İsaraildə qeyri-mütərəqqi qüvvələrdir”.
Libermanın Azərbaycandan Türkiyəyə baqmaq yelləməsinə münasibət bildirən Z.Əlizadə vurğuladı: “Türkiyə 50, 60-cı illərdən tam fərqli bir dövlətə çevrilib. O regionda qüdrətli və müstəqil dövlət adını daşıyır. Eyni zamanda demokratiya baxımından da yüksək inkişaf səviyyəsindədir. İndi artıq Türkiyədə hakimiyyəti idarə edənlər uzaqgörən siyasət yürüdür, ancaq öz dövlətlərinin maraq dairələrindən çıxış edir və müstəqil düşünə bilirlər. Lakin əvvələr belə deyildi. Türkiyə rəhbərliyi birbaşa Qərbin göstərişi ilə oturub-dururdu. Türkiyədə müstəqil düşünən qüvvələr bölgədə bütün narazılıqları aradan qaldırmağa çalışırlar. Ona görə də Ermənistandan tələb edirlər ki, qoşunları Azərbaycan ərazisindən çıxartsın. İsraildən də Fələstin xalqının hüquqlarını pozmamağı tələb edir. A.Liberman bundan əndişələnib deyir ki, Türkiyə siyasətini təhlil etməlidir. Hesab edirəm ki, əvvəl-axır zülmün sonu olmalıdır. Türkiyə dövləti də çox ədalətli mövqe tutub. Buna görə də ancaq tərifə və hörmətə layiqdir”.
Beynəlxalq hüquq əsasən yalnız BMT-nin qərarı ilə hansısa dövlət cinayətkar hesab oluna bilər. Təəssüflər olsun ki, bir çox cinayətlərə imza atan İsrail hələ də cinayətkar kimi qəbul edilmir – deyə Z.Əlizadə bildirdi: “Hamının gözü qarşısında İsrail Fələstin xalqına qarşı zülm edir. Unutma qlazım deyil ki, İsrailin güclü “dayı”ları var. Həmişə Amerikanın köməkliyi ilə hüquqi cəhətdən ittiham olunmaqdan yaxa qurtara bilib. Ermənistan da Azərbaycanın ərazisini işğal edib. Amma onu beynəlxalq aləmdə hüquqi baxımdan təsdiqlənmədiyi üçün adı hal kimi dəyərləndirir və cinayətkar hesab etmirlər. İsrail nazirləri haqqında da bunu demək olar. Düşünürəm ki, İsrail xeyli cinayətlər etsə də hüquqi baxımdan bu tənzimlənməyib. Bildiyimiz kimi məhkəmə qanunu qüvvəyə minmədən heç kim cinayətkar sayıla bilməz”.
Z.Əlizadə qeyd etdi ki, yəhudi xalqı xüsusi istedada sahib olsa da, bu, onlara başqalarının hüquqlarına təcavüz etməyə imkan vermir: “Heç kim imkan verməyib ki, yəhudilər başqalarının hüququnu pozsun. Biz istəyirik ki, İsrail başqa xalqlara hörmətlə yanaşsın”.
Müsəlman aləmində əksəriyyət Azərbaycan dövlətinin mövcudluğundan xəbərsizdirlər. Buna görə də İsrail-Azərbaycan münasibətləri Azərbaycanın imicinə mənfi təsir edə bilməz - Z.Əlizadə bildirdi.