Guya ən aşağı qiymətlə internet xidmətləri təqdim edən UNİNET şirkəti əslində nə işlə məşğuldur
9-02-2010
Hörmətli oxucular! Artıq 2 gündür UNİNET şirkətinin məsuliyyətsiz davranışları səbəbiylə redaksiyamız internet üzünə həsrət qalıb. Bazar günü səhər saat 9.00-dan etibarən redaksiyamızı internetlə təmin etməyi üzərinə MÜQAVİLƏ ilə öhdəlik götürmüş UNİNET şirkəti heç bir fors-major olmadığı halda, "ATS-də təmir işləri gedir" bəhanəsiylə internet xidmətini dayandırıb. Bazar günü iş saatının sonunda, təxminən saat 18.00 radələrində şirkətin Ülkər adlı məsul şəxsi ilə qurduğumuz əlaqədan sonra o bizə 30 dəqiqə ərzində internetin bərpa ediləcəyini bildirdi. Amma həmin günü axşam saatlarına qədər gözləsək də, internetimiz bərpa olunmadı. Şirkətin bu barədə səhifəsinə yerləşdirdiyi məlumatda isə bildirilirdi ki, 7 fevral tarixində saat 10.00-dan 15.00-a kimi 566/567 saylı ATS-də proflikatik işlər aparılacaq.
Amm şirkət bu barədə özünün verdiyi məlumata da yalan çıxdı. Və bu gün də analoji hal davam etdi. Gün ərzində şirkətlə əlaqə yaratmaq cəhdlərimiz uzun müddət alınmasa da, nəhayət şirkətin 4930707 saylı telefonuna və 303 daxili nömrəsinə düşə bildik. Amma buradan da telefonu qaldıran şəxs əvvəl bizi 20 dəqiqə, daha sonra isə 40 dəqiqə telefonda saxlamaqla "1 dəqiqə gözləyin" bəhanəsiylə gözləməyə məcbur etdi. Daha sonra isə şirkətin Rəşad adlı əməkdaşı təxminən 15 dəqiqəlik gözləmədən sonra bizə, 66 saylı ATS-də şirkətin əməkdaşlarının işlədiklərini bildirdi. Biz ona şirkətin müqavilə şərtlərini pozduğunu xatırlatsaq da, o sözügedən vəziyyəti fors-major adlandırmağa cəhd etdi. Amma deyəsən Rəşad müəllim bilmirdi ki, müqavilənin 3-cü bəndində fors-major deyilən hissəyə təbii fəlakət, ekstremal hava şəraiti, yanğınlar, müharibə, hərbi ixtilaflar, vətəndaş iğtişaşları, hökumət tərəfindən müdaxilələr, qoyulan qadağalar və embarqo daxil idi. Onun bu vəziyyətin nə vaxta kimi davam edəcəyini soruşsaq da, konkret cavab ala bilmədik.
Göründüyü kimi, şirkətin məsuliyyətsiz davranışları bizim işimizi iflic vəziyyətinə salıb və biz oxucularımıza lazım olan informasiyanı çatdıra bilməmişik və bu artıq şirkət tərəfindən edilən ilk belə hal deyil. Bu vəziyyətə şirkətin 1500 kbts sürətlə internet xidməti təmin etməyi boynuna götürdüyü və əslində 700-800 kbts təmin etdiyini əlavə etsək, şirkətin sadə vətəndaşları və dövləti necə aldatdığını asanca görmək olar.