Fevralın 7-si Ukraynada prezident seçkisinin ikinci turu keçiriləcək. Yanvarın 17-də baş tutan birinci turda müxalifəti təmsil edən Regionlar Partiyasının lideri Viktor Yanukoviç və hazırkı baş nazir Yuliya Timoşenko ikinci mərhələyə keçiblər.
Ukraynada yaşayan azərbaycanlı politoloq, prezident Viktor Yuşşenkonun seçki qərargahının koordinatoru Xaqani Hüseynli “Media forum” saytına müsahibəsində ikinci tur ərəfəsindəki vəziyyəti təhlil edib.
- İkinci tur ərəfəsində vəziyyət necədir?
- Ukraynanın imicinə xələl gəlməməsi üçün prezident Viktor Yuşşenko və seçkinin məsuliyyətini daşıyan dövlət qurumları ikinci turun normal keçirilməsi sahəsində lazımı tədbirlər görür. İkinci tur zamanı ciddi qarşıdurmanın olacağı haqda deyilənlər çox şişirdilib. Ukraynada nə inqilab, nə də ciddi etirazlar mümkündür. Amma hüquqi müstəvidə kəskin mübarizə qaçılmazdır. Uduzan tərəf istənilən halda məhkəməyə müraciət edəcək. Namizədlərin topladığı səslər arasında fərq az olsa, hüquqi qarşıdurma daha da güclənəcək.
Lakin ictimai qarşıdurma, güc strukturları və güc mərkəzlərinə bağlı qüvvələrin qarşıdurması mümkün deyil. Çünki Ukrayna beş il əvvəlki ölkə deyil. Əhali qarşıdurmaya getməyəcək. Mərkəzi meydanda tərəfdarların toplanmasına və digər məsələlərə müəyyən cəhdlər ola bilər. Lakin fövqəladə hadisə baş verməyəcəyi birmənalıdır. Hazırda normal seçkiqabağı təbliğat prosesi gedir.
- Yuliya Timoşenkonun, yoxsa Viktor Yanukoviçin prezident seçilmək şansı daha yüksəkdir? Prezidentliyə keçmiş namizədlərdən hansısa biri indiki namizədləri dəstəkləyirmi?
- Viktor Yanukoviçin seçilməsi ehtimalı çox böyükdür. Birinci turun nəticələri və indiki vəziyyət göstərir ki, Viktor Yanukoviçlə Yuliya Timoşenko arasında fərq böyükdür. Yuliya Timoşenko bu fərqi azaltmağı bacarmır. Bu problemin aradan qaldırılması birinci turda səsvermədə iştirak etməyən seçicilərlə aparılan işdən asılıdır. Lakin bu olduqca çətindir.
Keçmiş namizədlərdən heç kim istər Yuliya Timoşenkonu, istərsə də Viktor Yanukoviçi dəstəkləmək haqda mövqe bildirməyib. Birinci turun namizədləri yaxşı bilirlər ki, indiki namizədlərdən hər hansı birini dəstəkləmək onların gələcək siyasi prespektivlərinə ciddi zərbə vura bilər. Yuliya Timoşenko üçüncü yeri tutmuş Sergey Tiqipkoya baş nazir vəzifəsini təklif edib. Lakin Tiqipko bununla razılaşmayıb. Bilir ki, Yuliya Timoşenko ilə işləyə bilməyəcək. Əvəzində yeni siyasi sima kimi elektoratını itirəcək.
Dördüncü yeri tutmuş keçmiş spiker Arseni Yatsenyuka səs vermiş seçicilər də narazı elektoratı təmsil edir. Keçmiş spiker də hansısa namizədi dəstəkləyərsə, elektoratını itirəcək.
- Viktor Yuşşenkonun tərəfdarlarının “narıncı inqilab”ın keçmiş liderlərindən olan Yuliya Timoşenkonu dəstəkləməsi ehtimalı varmı?
- Elektoratın bir hissəsi Yuliya Timoşenkonu dəstəkləyir. Düzdür, onun Rusiya ilə yaxınlaşması, Avropaya inteqrasiyayla bağlı apardığı siyasət qeyri-müəyyəndir. Eyni zamanda iqtisadiyyata münasibətdə düzgün istiqamət seçməyib. Lakin “narıncı inqilab”ın nəticələrinə ümidini itirməmiş elektoratın müəyyən hissəsi Yuliya Timoşenkoya səs verəcək.
Viktor Yuşşenko və tərəfdarlarının seçkidən sonra nə etməsinə gəlincə, hazırda vəziyyət təhlil olunur. Yuşşenkonun fəaliyyəti fundamental xarakter daşıyır. Digər siyasətçilər isə öz siyasətlərini situasiyaya uyğun qururlar. Ola bilər ki, yaranmış regional siyasi vəziyyət onun gördüyü işlərin Ukrayna cəmiyyətində düzgün qiymətləndirilməsinə imkan vermir. Lakin bir müddətdən, yenidən siyasi meydana qayıtdıqdan sonra Viktor Yuşşenkonun siyasəti, tutduğu düzgün mövqe daha da möhkəmlənəcək. Çünki o, demokratik, Avropa meylli qüvvələri öz ətrafında birləşdirən yeganə siyasətçidir. Bu qüvvələr Yuşşenkonun ətrafından getməyəcək.