Eynulla Fətullayevin qanı təmiz çıxdı
Onun narkomaniyadan əziyyət çəkmədiyi və müalicəyə ehtiyacı olmadığı məlum olub
01-02-2010
Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin narkotik maddədən istifadə edib-etmədiyini müəyyənləşdirmək üçün götürülən qan analizinin cavabı bilinib. Jurnalistin vəkili İsaxan Aşurov “Media forum” saytına deyib ki, məhkəmə narkoloji ekspertizasının rəyinə görə, E.Fətullayev narkomaniya xəstəliyindən əziyyət çəkmir və onun məcburi müalicəyə ehtiyacı yoxdur. İ.Aşurov ekspertiza rəyinin bəzi məqamlarına iradlarının olduğunu da vurğulayıb. Vəkil iradları konkret məhkəmə araşdırması zamanı açıqlayacağını söyləyib.
Respublika Narkoloji Dispanserinin həkimləri jurnalistdən qan analizini ötən il dekabrın 30-da, 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan E.Fətullayevin üstündə 0,223 qram heroin aşkarlandıqdan sonra götürmüşdülər.
E.Fətullayev 2007-ci il aprelin 20-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Jurnalist 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və jurnalist 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
İndi isə jurnalistə Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Yeni işlə əlaqədar 2010-cu il yanvarın 2-də E.Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.