Fuad Qəhrəmanlı: "Artıq İsrail Orta Şərqdə əvvəlki kimi təsir imkanlarına malik omadığı, Türkiyə və Ərəb ölkələri ilə gərgin münasibətləri davam etdiyi üçün regionda yeni müttəfiq axtarışındadır"
01-02-2010
Xəbər verildiyi kimi, fevralın 7-i İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfəri gözlənilir. Qeyd edək ki, ötən il məhz bu ölkənin prezidenti Şimon Peres də Azərbaycana gəlmişdi. Məlumatda bildirilir ki, A.Liberman Azərbaycanda bir sıra rəsmilərlə Yaxın Şərqdə baş verənlər haqqında və İsrailin regionda mövqelərinin bir az da möhkəmləndirilməsi istiqamətində müzakirələr aparacaq.
Sözügedən səfərlə bağlı FaktXəbərin suallarını cavablandıran AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, bu səfərin indiki halda gerçəkləşməsi bir sıra məqamlardan xəbər verir: “İran-İsrail münasibətində gərginlik artmaqdadır. Beynəlxalq səviyyədə olunan təzyiqlərə rəğmən, İran nüvə proqramını israrla inkişaf etdirir. Bu israr yeni sanksiya məsələsini gündəmə gətirib. Azərbaycanla İran arasında münasibətlərin yaxınlaşması İsrailin xüsusi marağındadır. Hesab edirəm ki, bu səfərədə İranla bağlı məsələlər də müzakirə olunacaq”.
“İndi Qərblə Azərbaycan arasında müəyyən problemlər yaranıb. Bu fonda Azərbaycanın xarici siyasətində Rusiya meyillilik açıq-aşkar hiss olunur. Təbii ki, bu münasibətlərin yenidən nəzərdən keçirilməsi gündəmdə olan məsələlərdəndir” – deyə bildirən F.Qəhrəmanlı, İsrailin Yaxın Şərqdə təsir imkanlarının zəifləməsindən də danışdı: “Artıq İsrail Orta Şərqdə əvvəlki kimi addımlar ata bilmir. Türkiyə və Ərəb ölkələri ilə gərgin münasibətlər davam edir. Belə hallarda İsrailin mövqeləri zəifləyib”.
F.Qəhrəmanlı qeyd etdi ki, son dövrlərdə Azərbaycan-Türkiyə münasibələrində soyuqluq yaranıb. Məhz bu vəziyyətdən istifadə edən İsrail, regionda Azərbaycanla daha isti münasibət qurmaq istəyindədir.
Onun sözlərinə görə Azərbaycan İsrail ilə münasibət qurarkən, Fələstini nəzərə almır: “Azərbaycan üçün Fələstində yaşanan olayların o qədər fərqi yoxdursa, bu səfəri müsbət qiymətləndirmək olar. Azərbaycan İsraillə münasibət qurduqda, Fələstində baş verənlər əsas götürülmür. Hər iki dövlət üçün milli maraqları önəm daşıyır”.
“İsrailin xarici işlər naziri A.Liberman Azərbaycana səfər etməklə Türkiyə-Azərbaycan münasibətlərində hansısa dəyişiklik ola bilərmi” - sualına F.Qəhrəmanlı belə cavab verdi: “Libermanın Azərbaycana səfəri Türkiyə ilə Azrbaycan arasında heç bir gərginlik yarada bilməz. Ən azından bu real görünmür. Onsuz da bir sıra məsələlərə görə, Türkiyə-Azərbaycan arasında soyuqluq var. Bu soyuqluq konkret olaraq Qarabağ münaqişəsi, Azərbaycanın xarici siyasəti və sairlə bağlıdır. Türkiyə-Azərbaycan münasibətləri o səviyyədə deyil ki, Azərbaycan onun istəmədiyi dövlətlərlə münasibət qurmaqla, düşməninə çevrilsin. Yaxınlarda İsrailin müdafiə naziri Türkiyəyə səfər etmişdi. Buna görə də Türkiyəni narahat edən məqamları axtarmağa dəyməz. Sadəcə olaraq, İsraillə Türkiyənin münasibətlərindəki soyuqluq, İsarailin Orta Şərqdə mövqelərini itirməyə gətirib çıxardıb. İsrail maraqlıdır ki, regionda yeni müttəfiqlər tapsın”.