Akademik "Yeni Müsavat" qəzetinin birinci müavininə qarşı xüsusi ittiham qaydasında iş qaldırıb
29-01-2010
Akademik Cəlal Əliyev “Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxanı xüsusi ittiham qaydasında məhkəməyə verib. Bu barədə Nizami rayon Məhkəməsindən qəzetin ünvanına bildiriş daxil olub. C.Əliyevin A.Ayxanı və yazı müəllifi Qoşqar Bakılını məhkəməyə verməsinin səbəbi “Yeni Müsavat”ın 05 yanvar 2010-cu il tarixli sayında onun barəsində dərc olunmuş materialdır. C.Əliyev “Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı; “Bakı” mehmanxanası Cəlal Əliyevin imiş” başlıqlı məqaləyə münasibətini aşağıdakı cür bildirib: “Müəllif “Yeni Müsavat” qəzetində mənim şərəf və ləyaqətimi ləkələyən, məni nüfuzdan salan, həqiqətə uyğun olmayan məlumatlar dərc etmiş, barəmdə təhqir və böhtan xarakterli məlumatlat tayılmışdır”.
Daha sonra iddiaçı C.Əliyev sözü gedən məqalədə onu narazı salan cümlələri bir-bir göstərərək qeyd edib ki, ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrində nəzərdə tutulmuş “böhtan” və “təhqir” cinayətləri törədilib.
Nizami rayon Məhkəməsinin hakimi Ziya Əliyevin imzası ilə redaksiyaya daxil olmuş sənəddə bildirilir ki, “Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan və adı çəkilən məqalənin müəllifi Qoşqar Bakılı Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında iş açılmalıdır.
“Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseynin bildirdiyinə görə, hazırda redaksiyaya daxil olmuş sənədlə tanış olur, ondan sonra geniş şərh vermək mümkün olacaq: “İlkin olaraq onu deyə bilərəm ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci və 50-ci maddələrində fikir və söz azadlığı, məlumat azadlığı hüququları nəzərdə tutulur. Bundan başqa, Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi də fikir ifadə etmək azadlığını nəzərdə tutur. Cəlal Əliyevin iddiasına gəlincə, şəxsi qənaətimə görə, həmin məqalədə “təhqir” və “böhtan” sayıla biləcək ifadələrə yol verilməyib”.
Qeyd edək ki, C.Əliyevin iddiası üzrə məhkəmə baxışı fevralın 1-nə təyin edilib. Onu da bildirək ki, millət vəkili Cəlal Əliyev mərhum prezident Heydər Əliyevin qardaşı, indiki dövlət başçısı İlham Əliyevin əmisidir.