Strasburq Məhkəməsi Eynulla Fətullayevin işi üzrə qərar çıxaracaq
Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) sədri Jan Pol Kosta məhkəmə ilinin açılışı ilə bağlı mətbuat konfransı keçirib
28-01-2010
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) sədri Jan Pol Kosta məhkəmə ilinin açılışı ilə bağlı mətbuat konfransı keçirib. APA-nın Avropa bürosunun xəbərinə görə, mətbuat konfransında məhkəmənin 2009-cu ildəki fəaliyyəti barədə məlumat verilib. Azərbaycandan daxil olan işlərlə bağlı danışan məhkəmə sədri jurnalist Eynulla Fətullayevin işinin hələ qərar gözləmə mərhələsində olduğunu bildirib. O, işlə bağlı indiki mərhələdə əlavə məlumat verə bilməyəcəyini deyib: “Təbii ki, mənim bu işin gedişindən xəbərim var. Elə bu gün Azərbaycanın Konstitusiya və Ali Məhkəməsinin sədrləri ilə görüşümdə onlarla bu məsələ ilə bağlı danışdıq. İndi yalnız onu deyə bilərəm ki, bu işlə bağlı yaxın zamanlarda qərar çıxarılmalıdır. Amma qərarın çıxarılacağı zaman və məzmunu barədə məlumat verə bilməyəcəyəm. Onu deyə bilərəm ki, belə presidentlər var”.
İşin gedişatı zamanı E. Fətullayevlə bağlı yeni faktların ortaya çıxmasının bu prosesə təsir edib-etməyəcəyi ilə bağlı suala cavabında Jan Pol Kosta bütün işlərin baxılmasında yalnız faktlara istinad etdiklərini deyib: “Yeni faktlar meydana çıxdığı zaman şikayətçi də yeni şikayətini təqdim etməlidir. Amma bu işin detallarını dəqiq bilmədiyim üçün suala da ətraflı cavab verə bilməyəcəyəm”.