|
Artıq iyirmi ildir ki, səbəbləri cəmiyyətə qaranlıq qalan 20 Yanvar kimi bir faciə mövcuddur. Hər il bu hadisə haqqında eyni fikirlər səslənir, çaşdırıcı faktlar ortaya qoyulur. Lakin ziddiyyətli məqamlar nələrin baş verdiyini hələ də məlum edə bilmir. 20 Yanvar faciəsi bircə qələm sahiblərinə və yazarlara mövzu kimi lazım olur. Onun barəsində nağıl janrında hekayələr yazmaqla kifayətlənirlər...
Biz isə FaktXəbər olaraq, hadisənin yaxından izləyən şəxsləri tapıb, onlardan həqiqəti öyrənməyə çalışdıq. Sözügedən məsələ ilə əlaqədar ikinci həmsöhbətimiz isə bir vaxtlar meydan hərəkatında fəal iştirak etmiş Hacı Əlikram Əliyevdir.
Sözünü Allahın adı və kəlməsilə başlayan Hacı, 20 Yanvar hadisəsinin iştirakçısı kimi bunları bildirdi: “Bağışlayan və mehriban Allahın adı ilə. “Hamımız Allah tərfindənik və Allah tərəfinə də qayıdacağıq” (Qurani-Kərim). Sizə məlumdur ki, iyirmi il əvvəl Azərbaycanda insanlar, torpaqlarımız zalım hökmdarlar tərəfindən təcavüzə məruz qaldılar. Azadlıq yolunda ölənlər şübhəsiz şəhiddilər. Yaralananlar isə bizim millət üçün ən vüqarlı şəxslər hesab olunurlar. Lakin təəssüflə deməliyəm ki, ölkəmizdə şəhidlərə qiymət verilmir. Onların qanı və canı bahasına vəzifədə oturanlar şəhidləri heç yada salmırlar. İnşallah ümid edirəm ki, şəhidləri tanıtdıra biləcək bir nəsil yetişəcək. Çünki onlar bu vətən uğrunda canlarından keçiblər”.
Hacı Əlikram vurğuladı ki, bu hadisələrdə mən çox qabaqcıllardan biri olmuşam: “Üzdəniraq müxalifət və iqtidar müsəlman xalqını aldadıb, əliyalın topun-tankın qabağına verdilər. Bu zümrənin hər ikisi bir boğazdan çıxıb. Biz onlara yol göstərib, məsləhət verdik ki, əliyalın tankların qabağına çıxmasınlar. Təbii ki, bu xalqın qırılmasında öz içimizdə satqınlar daha çox oldu. Mərhum Elçibəy Əliyev, Nemət Pənahlı, İsa Qəmbər və sairləri - özlərinə bir “bəy” adı da veriblər, bunlar bir başa günahkardılar”.
“20 Yanvar hadisəsinə bu vaxta qədər siyasi qiymət verilməməsi nə ilə bağlıdır” - sualına Hacı Əlikram cavab olaraq bildirdi ki, şəhid olanlar və yaralananlar həqiqətən torpaq, vətən və azadlıq uğrunda mübarizə aparıblar: “Günahkar tərəf bunların daxili duyğuları ilə oynayıb, şəxsi maraqlarını güdən qabaqcıllar olub. Bunlar siyasi adam deyillər, vəzifəpərəstlərdilər. Təsadüfən ortaya çıxıb, kimlərəsə xidmət ediblər. Bu gün iyirmi il əvvəl baş verənləri canlı yayımda sübut etməyə hazıram. Hər şey öz əllərindədir. Ona görə də, siyasi rəngdən danışmağa dəyməz. Nə xalqın, nə şəhid ailələrinin, nə də məzlumların sözünə baxılır. Yüz iyirmi il də keçsə, xalq tərəfindən qiymət veriləcək. Ancaq başqa tərəflərdən heç yadda olmayıb ki, çıxsın da”.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə 20 Yanvar hadisəsini o zaman xalqın qabağında dayanan Azərbaycan Xalq Cəbhəsinin liderlərinin nadanlığı və Sovet imperiyasının cinayəti adlandırdı. Bu vaxta qədər məlum hadisənin siyasi hüquq almamasnın səbəblərini açıqlayan A.Əlizadə vurğuladı: “Azərbaycan iqtidarı bu məsələdə qətiyyət göstərmir. Əslində Qarbaçova və o zamankı SSRİ rəhbərliyinə qarşı cinayət işi açılmalı və bütün sənədlər toplanaraq, Haaqa məhkəməsinə göndərilməli idi. Yanvarın 20-də Azərbaycan Ali Sovetinin fövqəladə sesiyası keçirilirdi. Xalq Cəbhəsinin fəalları qapıda durub, məni içəri buraxmaq istəmirdilər. Mən zorla olsa da, içəri keçib, bildirdim: “SSRİ rəhbərliyindən tələb olunmalıdır ki, bu cinayətin səbəbkarları məsuliyyətə cəlb olunsunlar. Əks halda Azərbaycan SSRİ-nin tərkibindən çıxma prosesini başlamalıdır. Eyni zamanda sənədlər Haaqaya göndərilməlidir.
Bəxtiyar Vahabzadə və İsmayıl Şıxlı (Allah hər ikisinə rəhmət etsin. Mənim qonşularım olublar və məni uşaqlıqdan yaxşı tanıyırlar) bu təklifin əleyhinə çıxdılar. Dedilər ki, Araz Əlizadə heç deputat da deyil. Onun nə haqqı var ki, təklif versin. Bu zaman mənim gözləmədiyim halda yuxarıdan SSRİ xalq artisti Lütfiyar İmanov qalxıb, dedi: “Araz Əlizadə deputat olmadığı üçün təklif qoya bilməzsə, mənim ixtiyarım var. Mən Araz Əlizadənin təklifini səsə qoyuram”. Belə qərarların bu günə qədər həyata keçməməsi rəhbərlikdə olan şəxslərin günahıdır”.
Cavid Cabbarlı
|