FaktXəbərin verdiyi məlumata görə, Habertürk kanalında yayımlanan "Tarixin Arxa Otağı" proqramında Osmanlı tarixinə bağlı təəccüblü açıqlama verilib.
Proqramın aparıcılarından olan Murad Bardakçı Maltalı bir arxeoloqun göndərdiyi məktub və sənədlərdən istifadə edərək, Osmanlı tarixinə bağlı gizli qalmış həqiqətləri gün işığına çıxarıb. Göndərilən məktubu və sənədləri araşdıran Bardakçı, "Şahzadə Murad, Cem Sultan hələ sağkən Egey Dənizindəki Rodos adasına gedir. Orada italyan bir qadınla evlənir. Bir oğulu olur. Bizdə Murad Cem deyə adı hallanan uşaq. Rodosdan Romaya aparılan bu uşaq, burada Papa tərəfindən xaç suyuna salınır. Murad adını italyan bir adla dəyişdirərək, papalıq şahzadəsi olur. Bu da kifayət etmir və Roma senatı Roma vətəndaşlığı verir. Və ailə bu günə qədər davam edir'' - dedi.
Böyüyən bu uşaqlar Cem Sultanın 17, Fateh Sultan Mehmetin 18-ci nəvələridir.
Qeyd edək ki, bir müddət öncə də tanınmış türkiyəli tarixçi Xəlil İnalcıq Fateh Sultan Mehmetlə bağlı yeni bir iddia ortaya atmışdı.
Alimin sözlərinə görə, Roma papası II Piy xristianlığı qəbul edəcəyi təqdirdə Osmanlı sultanını Roma imperatoru kimi tanıyacağını vəd edibmiş. İnalcıq bu barədə özünün “Fatehin İstanbul tarixi” adlı əsərində də yazacağını və Papanın Sultan Mehmedə göndərdiyi məktubun məzmunu haqda da məlumat verəcəyini demişdi.
“Məktubdan görünür ki, Papa II Piy Fatehin xristian olmasını istəyibmiş. Bəzi tarixçilər qeyd edirlər ki, Roma papası məktubu yazsa da, onu Osmanlı sultanına göndərməyib. Ancaq fikrimcə, məktub Sultan Mehmetə göndərilib. Lakin o, bu məktuba əhəmiyyət belə verməyib. Mən bunu öz kitabımda da qeyd edəcəyəm”, - deyə professor İnalcıq bildirib.